Yol köçü gələnlərin üzləşdiyi çətinliklər [Audio]/[Foto]

12.10.2018 953 | ავტორი: Tozu Gulmamedova

Payız fəslinin gəlməsi ilə birlikdə icma xalqının yaylaqda olan sürüləri artıq geri qayıtmağa başlayır. Radio İvrisi olaraq yol köçü gəlmiş insanlardan əsas yolda (trasada) qarşılaşdıqları çətinliklər haqda məlumat aldıq.

İlk  çətinlik olaraq kəndin təxmini 10-12 kilometrliyində yerləşən Mjavanadze körpüsünə gedən yol göstərlidi.

Bu haqda həmin ərazidən sürü keçirən birindən məlumat aldıq;

– “Bura illər boyu dağ köçünə gedən yol olub, ətrafda isə binələr var idi. Ancaq  təxmini 2016-cı ildə torpaq satıldı və binələr uçurulmağa başlandı. İlk zamanlar sürülər əvvəlki qayda olaraq keçməyə davam edirdi. Ancaq torpağı alan şəxs keçən ildən  yerin arasını iki metr dərinliyində qazmağa başladı.  Təxmini qazınağın uzunluğu 40-50 kilometrdir. Xalq da yenə buradan sürüsünü keçirtmək istəyir. Dəfələrlə xalq toplaşıb qazınağı torpaqla doldurdu, ancaq torpaq sahibi təkrar qazdırdı. Son günlər artıq xalq keçməyə davam edir, torpaq sahibi isə müdaxilə  etmir. Bu torpaq satıldığından etibarən bir il əkilib və məhsul gəlməyib.

Əgər bu yoldan keçmək  mümkün olmazsa sürülər  Temur dağından dolaşıb gəlməlidirlər bu da təxmini yolu 60 kilometrdən çox uzatmaq deməkdir.”

Artıq sürüsünü yaylaqdan gətirənlərdən aldğımız məlumata görə dağa çıxmaq və enmək son zamanlarda  daha da çətinləşib. Onlar bildirir ki, yolun kənarları satılıb və ya icarəyə verilib. Köç gedilən 15-20 gün ərzində mal-qaranın otlaması üçün ərazi yoxdur. Onlara digər alternativ olan heyvanı yük maşını ilə daşımaq haqda soruşduğumuzda bildirdilər ki, bu həm qiymət olaraq baha başa gəlir, həmdə yolda heyvanlar zərər çəkir.

Ləmbəli sakini heyvandarlıqla məşğul olan Vaqif bəy isə uzun yolda üzləşilən çətinliklər haqda danışdı”

– “Sürülər yola sığmır. Yol üçün 20-30 metr ayırılıb, əlbətdə heyvan ora sığmaz. Rustavidən Zalqayadək heyvan ac necə getsin!?”.

İcma sakinləri isə problemin həllini  dövlətdən gözləyir.

Daha ətraflı sasyazmamızda dinləyə bilərsiniz.